Rusiya Ukrayna uğrunda  hətta dünya müharibəsini belə başlada bilər - Politoloq

18:09 24.02.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Bu gün Vladimir Putin olduqca sərt açıqlama verib:  münaqişəyə kənardan müdaxilə olarsa, onlara elə bir cavab verəcəyik ki, tarixdə belə bir cavabı görməyiblər. Və əlavə edib ki, “biz bütün variantlara hazırıq”.  Bu o deməkdir ki, Rusiya Ukrayna uğrunda  hətta dünya müharibəsinə belə gedə bilər”. 

Bunu hafta.az-a Ukrayna-Rusiya müharibəsinin geosiiyasi nəticələrini şərh edən politoloq Mətin Məmmədli bildirib.

M.Məmmədli eyni zamanda qeyd edib ki, Ukrayna -Rusiya  müharibəsi nin hər iki ölkə üçün iqtisadi, siyasi, hərbi təhlükəsizliyi baxımından nəticələri ağır olacaq. Onun fikrincə, hətta  Rusiya  Ukrayna daxilində müəyyən  əraziləri işğal etsə belə, müharibənin Rusiya üçün də çox ciddi fəsadları olacaq.

“Artıq Qərb ölkələri Rusiyaya qarşı daha ağır iqtisadi sanksiyaların tətbiq edilməsini nəzərdən keçirdir.  Rusiya- Ukrayna arasında gedən müharibənn nəticələrinin tək iki ölkə arasında məhdudlaşacağını qəbul etmirəm. Bu  müharibə bütöbvlükdə Avropa təhlükəsizliyinə təhdid yaradır. Bu gün dünyanın Ukraynadakı müharibəyə belə həssaslıqla yanaşmasını da bu baxımdan dəyərləndrmək olar”.

Ukraynanın coğrafi olaraq NATO ölkələri ilə həmsərhəd olduğunu və onun aparıcı ölkələri ilə xüsusi tərəfdaşlıq münasibətlərinin mövcudluğunu deyən politoloq,  əslində Ukraynada baş verən münaqişənin təməl səbəblərində  NATO, Qərb və Rusiya arasındakı geosiyası qarşıdurmanın dayandığını bildirib.

“NATO ölkələri müharibəyə qoşulsa, əvvəlcə regional, daha sonra dünya müharibəsinə çevrilməsi ehtimalı var. Məhz bu səbəbdə də NATO dövlətləri, o cümlədən də ABŞ Rusiyaya qarşı sərt, kəskin mövqe nümayiş etdirməklə yanaşı, həm də  bir qədər də ehtiyatlı davranırlar. Yəni münaqişəyə birbaşa müdaxilə etmirlər. Münaqişənin dünya müharibəsinə çevrilmə potensialı olduğuna görə  Qərb tərəfindən ehtiyatlı mövqe nümayiş etdirilir.  Ancaq ümid edək ki, proseslər o səviyyəyə qədər inkişaf etməyəcək və Rusiya öz məqsədlərinə nail olmayıb nəhayət Ukrayna, Qərblə yenidən danışıqlar masasına qayıdacaq”.